2018-ci ilin I yarısında “Azərbaycan Kredit Bürosu” (AKB) MMC-yə 665,19 min sorğu daxil olub. Bu barədə Bürodan məlumat verilib.
“I yarım ildə Büroda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 665,19 min sorğu həyata keçirilib. Hesabat dövründə Büroda aparılmış sorğuların 598,535 mini banklar, 66,655 mini isə 36 bank olmayan kredit təşkilatı tərəfindən həyata keçirilib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin I yarısında Azərbaycan Kredit Bürosunda kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 2 dəfədən çox artıb.
Məlumatda qeyd olunur ki, Büro ilə müqavilə imzalamış təşkilatların sayı 117-yə çatıb.
2017-ci ilin dekabr ayında özəl kredit bürosunun yaradılması üzrə təşəbbüs qrupunun iclasında "Azərbaycan Kredit Bürosu" MMC-nin təsis edilməsi qərara alınıb. Büronun təsisçiləri "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC olub. Büro 2018-ci il fevralın 1-də fəaliyyətə başlayıb və nizamnamə kapitalı 2 mln. manata bərabərdir.
Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.*
A.Əzizov