Ankara və Bakı Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında dəmir yolu əlaqəsi yarada bilər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
«Naxçıvanla Türkiyə arasında quru yolundakı problemlər həll edilmiş vəziyyətdədir. İndi yeni bir addım olaraq, - bu məsələ ilə əlaqədar daha əvvəl də İlham qardaşımla danışmışdıq, - lazım gələrsə, dəmir yolu məsələsini də həll etməklə aradakı bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq hər iki ölkəyə əlavə güc verəcək”, - deyə o, iyulun 10-da Bakıda prezident İlham Əliyevlə birgə brifinqdə bildirib.
R.T.Ərdoğanın sözlərinə görə, Azərbaycan prezidenti ilə danışıqlar zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. “Səhiyyə sahəsində, Naxçıvanda yaşayan qardaşlarımızın xüsusilə Türkiyədəki sərhədboyu bölgələrdə tədris-müalicə ocaqlarında, dövlət xəstəxanalarında onlara hər cür rahatlığı öz xalqımıza təmin etdiyimiz kimi şərait yaratmaqla bağlı dəstək verəcəyimizi özünə bildirdim”, - deyə Türliyə prezidenti vurğulayıb.
O, həmçinin deyib ki, Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə əlindən gələni etdi. “Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik”, – deyə R.T.Ərdoğan qeyd edib.*
F.İsazadə