Prezident İlham Əliyev əmindir ki, Ankara və Bakının birgə səyləri ilə regionda sülh bərqərar olacaq.
“Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün böyük fayda verir. Əminəm ki, Türkiyənin və Azərbaycanın birgə səyləri ilə bölgədə sülh yaranacaq”, - deyə dövlət başçısı iyulun 10-da Bakıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə brifinqdə bildirib.
O vurğulayıb ki, tərəflər hərbi sahədə uğurla əməkdaşlıq edir.
“Türkiyənin hərbi potensialı çox güclüdür. Dünya miqyasında Türkiyə Ordusu ən güclü ordular sırasındadır. Hərbi sahədə bizim əməkdaşlığımız çox uğurla davam edir. Azərbaycan Türkiyədən böyük sayda hərbi texnika alır. Ötən ay Azərbaycanda keçirilmiş hərbi paradda bu texnikanın bir hissəsi göstərilmişdir”, - deyə İ.Əliyev əlavə edib.
O qeyd edib ki, bu il hərbçilərimiz arasında yeddi hərbi təlim keçiriləcək, onlardan üçü keçirilib.
“Bizim əlaqələrimiz çoxşaxəlidir. Əlaqələrin təməlində xalqlarımızın, dövlətlərimizin birliyi, ortaq maraqları dayanır. Biz dostuq, qardaşıq. Türkiyə prezidentinin seçkilərdən sonra birinci səfərini Azərbaycana etməsi bunu bir daha göstərir”, - deyə dövlət başçısı vurğulayıb.*
F.İsazadə