Rəsmi Bakı iyulun 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyi ilə əlaqədar prioritetləri üzv dövlətlərin diqqətinə çatdıracaq. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“12 iyul tarixində Azərbaycan nümayəndə heyəti QDİƏT-də Azərbaycanın sədrliyi ilə əlaqədar prioritetləri üzv dövlətlərin diqqətinə çatdıracaq. Azərbaycan sədrliyi dövründə üzv dövlətlər arasında əlaqələrin qurulmasına əsas önəm verəcək, nəqliyyat, turizm, enerji, informasiya-kommunikasiya kimi sahələrdə əməkdaşlığı təşviq edəcək”, - deyə o, bu gün brifinqdə bildirib.
XİN rəsmisinin sözlərinə görə, “Ermənistan tərəfindən guya “Azərbaycan QDİƏT-in gündəmini siyasiləşdirir” kimi bəyanatlar verilir. “Ancaq bunlar hamısı əsassızdır. Azərbaycan QDİƏT-ə üzv dövlətləri bu təşkilatın nizamnaməsinə, məqsədlərinə, həmçinin Xarici İşlər Nazirləri Şurasında qəbul edilmiş qərarlara riayət etməyə çağırır”, - deyə H.Hacıyev vurğulayıb.
O qeyd edib ki, QDİƏT-in məqsəd və məramları odur ki, Qara dəniz məkanında üzv dövlətlər arasında real regional əməkdaşlıq təşviq edilsin və inkişaf etdirilsin. Bir dövlət tərəfindən digər dövlətin torpaqlarının işğalı qəbul edilmir. Azərbaycan da ona görə bu kimi pozucu fəaliyyətləri ört-basdır etməyəcək, təşkilatın fəaliyyətinə mane olan hallar açıq şəkildə qeyd olunmalıdır.
O, həmçinin əlavə edib ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində real regional əməkdaşlığı dəstəkləyir və sahəvi əməkdaşlığın tərəfdaşıdır.*
F.İsazadə