Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) “Microsoft” şirkəti ilə dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında saziş imzalayıb. Bu barədə nazirliyin məlumatında deyilir.
"Saziş 3 il müddətinə imzalanıb. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, sazişin bağlanması zamanı “Microsoft” şirkəti tərəfindən təqdim olunan “Tələbə Üstünlükləri” proqramından da yararlanaraq Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinin tələbələri üçün (~150.000 nəfər) əlavə olaraq pulsuz “Microsoft Windows” və “Microsoft Office” proqram təminatı əldə olunub.
Sözügedən sazişə əsasən, NRYTN və “Microsoft” dövlət strukturlarında proqram təminatının lisenziyalaşdırılması ilə bağlı əməkdaşlığın ikinci mərhələsini reallaşdıracaq. Belə ki, 2011-ci ildə artıq 10000 kompüter dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün lisenziyalaşdırılaraq (Windows, Office ProPlus və Core CAL) istifadəyə verilmişdi.
““IDC” (International Data Corporation) şirkətinin 2017-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan üzrə lisenziyasız proqram təminatından istifadədə əvvəlki illərə nisbətən azalma müşahidə olunub. Tələb olunan lisenziyaların əksər hissəsi isə məhz “Microsoft” (Windows və Office) şirkətinin məhsullarıdır”, – deyə məlumatda vurğulanır.*
B.Rüstəmbəyov