“Sberbank Investment Research” şirkətinin analitikləri "Cənub Qaz Dəhlizi" QSC tərəfindən buraxılan avrobondların alınmasını mənfəətli hesab edir və cəmiyyət tərəfindən avrobondların yeni emissiyasını istisna etmirlər.
"Bu yaxınlarda “Cənub Qaz Dəhlizi" QSC 2017-ci il üçün MHBS üzrə nəticələri dərc edib. Buraxılmış istiqrazlar Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilib”, - deyə analitiklərin hazırladığı “Borc bazarları bu gün” adlı analitik icmalda qeyd olunur.
Bildirilir ki, CQD kifayət qədər aşağı əməliyyat gəlirlərini generasiya edir (yalnız “Şahdəniz-1” layihəsi çərçivəsində payına düşən neft və qazın satışından). Şirkətin balansına “Şahdəniz” layihəsində və Cənubi Qafqaz boru kəmərindəki minoritar paylar (hər birində 6,7%), TAP-da 20%-lik pay, TANAP-da isə 51%-lik pay daxildir. Beləliklə, hesabatda göstərilən borc demək olar ki, TANAP-ın, eləcə də aktivlərin Azərbaycanın kvazisuper şirkətləri arasında yenidən bölüşdürülməsindən sonra yaranmış borcu əks etdirir.
2017-ci ildə CQD-nin xalis borcu $3 mlrd. artaraq $7 mlrd.-a çatıb ki, bu da dövr üçün sərbəst pul axınlarını əks etdirir. "Sərbəst pul axınları əsasən TANAP layihəsinin həyata keçirilməsi üçün xərclərdən ($1,9 mlrd.), eləcə də “Şahdəniz” layihəsi və Cənubi Qafqaz boru kəmərindəki (təxminən $1 mlrd.) 10%-lik payına görə SOCAR tərəfindən həyata keçirilən ilkin ödənişdən ibarətdir. Fərq xarici borc ($1 mlrd. məbləğində avrobond və $1,5 mlrd. kredit) hesabına aradan qaldırılıb", - deyə icmalda vurğulanır.
TANAP-ın tikintisi büdcəsindəki investisiyaların $2,8 mlrd.-ı hələ istifadə olunmayıb. TAP layihəsinə kapital qoyuluşlarının qalan həcmində isə şirkətin payı $0,5 mlrd. məbləğində qiymətləndirilir. "Hər iki layihənin başa çatdırılması üçün qalan kapital qoyuluşlarının həcminin kifayət qədər çox olması və xarici maliyyələşməyə istiqamətlənmə avro ilə istiqrazların yeni yerləşdirilməsi ehtimalının yüksək olmasından xəbər verir", - deyə analitiklər hesab edir.
A.Əzizov