Ağsu rayonunun Bico kəndində yüksəkgərginlikli elektrik hava xətlərinin yerləşdiyi ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğınsöndürmə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Bu barədə nazirliyin məlumatında deyilir.
"Yanğın saat 21:03-də söndürülüb Yanğın nəticəsində 400 hektar sahədə biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanıb”, - deyə məlumatda bildirilir.
Yanğının söndürülməsinə 15 texnika, 80 nəfər canlı qüvvə, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Be-200 ÇS” amfibiya təyyarəsi və “Mi-17” yanğınsöndürmə helikopteri, Mülki Müdafiə Qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası cəlb olunub.
“Azərenerji” ASC-dən verilən məlumata görə, respublikanın enerji təchizatında yaranmış məhdudiyyət aradan qaldırılıb və enerji təminatı saat 20:20-dən etibarən 100% bərpa olunub.
Xatırladaq ki, iyunun 1-də saat 15:30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndində və Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xəttlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın baş verib.
Baş vermiş yanğın elektrik enerjisinin ötürülməsi sistemində qəzaya gətirib çıxarıb.
"Azərenerji" ASC-nin Mərkəzi Dispetçer İdarəsinə daxil olmuş məlumat əsasında, "Azərbaycan" İES və Mingəçevir SES-i Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli, 220 kV-luq Qəbələ, 220-KV-luq Ağsu və 330 kV-luq 1-ci Abşeron hava xətləri yanğına məruz qaldığı üçün baş verə biləcək ağır qəzanın qarşıısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.
Digər 500 kV-luq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş vermiş və xəttin mühafizəsi tərəfindən dövrədən ayrılıb.*
F.İsazadə