Bakı İrəvanı Dağlıq Qarabağ münaqişəsinin həllində daha konstruktiv mövqe tutmağa çağırır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Münaqişənin danışıqlar yolu ilə həllində konstruktiv addımlar atmaq əvəzinə, Ermənistan rəhbərliyi şərt irəli sürmək, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmək, əlavə canlı qüvvə yerləşdirmək və hərbi avantüra xarakterli digər addımları ilə vəziyyətin gərginləşdirilməsinə xidmət edir”, - deyə o, Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun Əfqanıstan üzrə toplantısında çıxışına münasibət bildirərkən söyləyib.
XİN rəsmisinin sözlərinə görə, N.Paşinyanın vəziyyətin daha da qızışdırılması məqsədi daşıyan ritorikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Ermənistan xarici işlər nazirinin bu kimi ritorikadan çəkilmək barədə çağırışları ilə ziddiyyət təşkil edir.
“Ermənistanın baş naziri demokratiyadan danışmaqla özünün dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək məqsədi güdür. O, demokratiya və insan hüquqlarına sadiq olduğunu sübut etmək istəyirsə, onda Ermənistanın beynəlxalq öhdəliklərinə əməl etməli, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququnun həyata keçirilməsinə mane olmamalıdır”, - deyə H.Hacıyev vurğulayıb.
O əlavə edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistanın işğal və hərbi təcavüzünə son qoyulması, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli şəkildə həll edilməsi və regionda davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcək.*
F.İsazadə