Vergilər Nazirliyi sahibkarlar üçün vergi yükünün azaldılması imkanlarını nəzərdən keçirir. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
“Bəzi vergi dərəcələrinin optimallaşdırılması yolu ilə vergi yükünün azaldılması nəzərdən keçirilir. Bu islahatlar qeyri-rəsmi məşğulluğun qarşısının alınması, şəffaflığın təmin edilməsi, könüllü əməletmənin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək”, - deyə o, Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşdə bildirib.
Nazir qeyd edib ki, yeni vergi sistemi sahibkarlar üçün əvvəlcədən proqnozlaşdırıla bilən və şəffaf vergi mühitinin yaranmasına xidmət edəcək.
M.Cabbarovun sözlərinə görə, struktur islahatlarının ən vacib institusional yeniliklərindən biri yeni apelyasiya institutunun yaradılmasıdır. “Bu struktur vergi orqanı ilə vergi ödəyiciləri arasında mübahisələrin ədalətli şəkildə həll olunması və şəffaflığın təmin olunmasına, vergi orqanlarından şikayətlərə obyektiv və vaxtında baxmaqla vergi ödəyicilərinin etimadının artırılmasına xidmət edəcək”, - deyə o vurğulayıb.*
B.Rüstəmbəyov