1 iyul 2018-ci il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 138,007 min təşkil edir. Bu barədə İB-dən məlumat verilib.
“Cari ilin I yarısında İB-də əhali sektoru üzrə 42,965 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 26,689 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 16,276 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.
Bu dövrdə “Azəriqaz” İB tərəfindən 32 yaşayış məntəqəsinə təbii qaz verilib.
“1520 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 114 kilometr qaz kəməri əsaslı təmir olunub. Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 32 yaşayış məntəqəsi təbii qazla təmin edilib”, - deyə məlumatda qeyd olunur.
Qazlaşdırma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilir.*
N.Abbasova