Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) bu gün Fətullahçı Terror Təşkilatının (FETÖ) iki liderini Azərbaycan və Ukraynadan Türkiyəyə aparıb. Bu barədə Türkiyə mətbuatı yazır.
"FETÖ-nün Azərbaycan üzrə “xəzinədar”ı İsa Özdəmir və Gülən tərəfdarlarının Mersin üzrə “imamı” Salih Zəki İgid Ukraynada yaxalanaraq xüsusi təyyarə ilə Atatürk hava limanına aparılıb", - deyə məlumatda qeyd olunur.
Hər iki şəxs terror fəaliyyətində iştirak etməkdə ittiham olunur.
Türkiyənin Bakıdakı səfiri Erkan Özoral “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, İ.Özdəmir Türkiyəyə qayıtmaq istədiyini deyib. Azərbaycan məhkəməsi onun məhkəmə zalından azadlığa buraxılmasına qərar verib.
Səfirin sözlərinə görə, bu əməliyyatla bağlı digər detallar barədə Azərbaycanın hüquq-mühafizə orqanlarından məlumat almaq olar.
FETÖ üzvü İsa Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Türkiyə mətbuatının məlumatına görə, o, müəyyən bir vaxt FETÖ-nün Azərbaycandakı strukturlarına görə məsul şəxs olub. İ.Özdəmir "Avro 2000" firmasının sahibi olub və Gülənin Azərbaycandakı “xəzinədar”ı hesab edilib.
S.Z.İgid isə Türkiyənin Mərsin vilayətində FETÖ adından sahibkarlardan pul yığırdı. O, toplanan bütün pulları F.Gülənin yaşadığı ABŞ-ın Pensilvaniya ştatına göndərir, vəsaitin bir hissəsini isə təşkilatın Afrika ölkələrindəki məktəblərinin maliyyələşdirilməsinə yönəldirdi. S.Z.İgid Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra Ukraynaya qaçmışdı.*
F.İsazadə, N.Abbasova