İyulun 15-də Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilmiş, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunmuş və planları tam aşkara çıxarılmışdır.
“Məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Hazırda hüquq-mühafizə orqanları tərəfindən əməliyyat davam etdirilir”, - deyə mənbə qeyd edib.*
N.Abbasova