2018-ci ilin birinci yarısının sonuna “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 7,62 mlrd. manat təşkil edir. Bu barədə bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna ABB-nin aktivləri 8,69 mlrd. manat təşkil edib. Beləliklə, I yarımillikdə bankın aktivləri 12,3% azalıb.
Məlumatda qeyd olunur ki, 30 iyun tarixinə bankın öhdəlikləri 1,8 mlrd. manata (yanvar-iyun aylarında azalma 6,7%) bərabərdir.
Hesabat dövrünün sonuna bankda əhalinin əmanətlərinin həcmi 1,26 mlrd. manat, korporativ müştərilərin vəsaitləri isə 2,63 mlrd. manat məbləğində olub.
“I yarımillikdə ABB-nin məcmu kapitalı 45,4% - 762 mln. manatadək artıb, adekvatlıq əmsalı isə 25,9%-ə yüksəlib. 1 iyul 2018-ci il tarixinə bankın nizamnamə kapitalının həcmi 1,22 mlrd. manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 77,79% təşkil edir.*
A.Əzizov