Azərbaycanda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (DMXEİA) yaradılır.
Prezident İlham Əliyev iyulun 16-da yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqındafərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş fərmana əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılacaq.
Nazirlər Kabinetinə agentliyin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək, agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi və maliyyə vəsaitlərinin formalaşdırılması üçün müvafiq tədbirlər görmək tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu iki ay müddətində təsdiq etmək, istismarda olan faydalı qazıntı yataqlarının və qalıq ehtiyatlarının qiymətləndirilməsini yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə altı ay müddətində təmin etmək tapşırılıb.
Fövqəladə Hallar Nazirliyinə hər il növbəti il üçün ölkə iqtisadiyyatının və sənayesinin tikinti materiallarına tələbatı barədə proqnoz məlumatlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etmək tapşırılıb.*
A.Əzizov