Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir. Bu barədə fondun məlumatında deyilir.
“2018-ci il iyunun 30-na olan vəziyyətə görə, ARDNF-in aktivləri $38 mlrd. 36,06 mln. təşkil edib, bunun $265,63 mln.-u Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə ARDNF-in investisiya portfeli $37 mlrd. 770,43 minə bərabərdir.
Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda $18 mlrd. 926,2 mln. və ya 50,1% ABŞ dolları (2017-ci ilin sonuna 47,1%), 33,6% avro (2017-ci ilin sonuna 35,7%), 4,8% funt sterlinq (2017-ci ilin sonuna 5,1%), 0,6% Avstraliya dolları (2017-ci ilin sonuna 0,7%), 0,9% türk lirəsi (2017-ci ilin sonuna 1%), 0,9% rus rublu (2017-ci ilin sonuna 1,1%), 1,2% Cənubi Koreya vonu (2017-ci ilin sonuna 1,3%),1,3% Çin yuanı (2017-ci ilin sonuna 1,4%), 1,6% yapon yeni (2017-ci ilin sonuna 1,5%), 1,5% digər valyutalarda (2017-ci ilin sonuna 1,6%), 3,5% qızılda (2017-ci ilin sonuna 3,5%) yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 41,94%-i Avropa ölkələrində (2017-ci ilin sonuna 38,4%), 22,9%-i Şimali Amerika ölkələrində (2017-ci ilin sonuna 27,87%), 26,65%-i Asiya-Sakit okean regionu ölkələrində (2017-ci ilin sonuna 26,05%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 76,4%-i istiqrazlarda və pul bazarı alətlərində, 14,1%-i səhmlərdə, 6%-i daşınmaz əmlakda, 3,5%-i qızılda yerləşdirilib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*