Rusiya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları $1,5 mlrd.-a yaxın məbləğdə qiymətləndirilir. Bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.
M.Oreşkin bu gün Rusiya-Azərbaycan İşgüzar Şurasının (RAİŞ) iclasında iştirak edib.
Onun sözlərinə görə, işgüzar şuraların fəaliyyəti iki ölkə arasında əmtəə dövriyyəsinin artmasına əhəmiyyətli dərəcədə kömək edir. 2018-ci ilin 5 ayı ərzində əmtəə dövriyyəsinin həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 21%-dək artaraq $900 mln.-u ötüb.
Nazir bildirib ki, 50-yə yaxın şirkət Rusiya tərəfdən Şuranın üzvüdür. "Bunlar Azərbaycanda perspektiv layihələrin reallaşdırılmasında maraqlı olan banklar və sənaye şirkətləridir.
M.Oreşkin qeyd edib ki, Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına $1,5 mlrd.-a yaxın investisiya qoyulub. "Söhbət neft-qaz, maşınqayırma, əczaçılıq, kimya sənayesi, bank fəaliyyəti kimi sahələrdən gedir. Azərbaycan tərəfi də aqrar-sənaye kompleksi və turizm sahəsinə investisiya qoyuluşlarının artırılmasına maraq göstərir", - deyə o vurğulayıb.
Rusiyalı nazirin sözlərinə görə, nazirliyin əsas vəzifəsi iki ölkə arasında biznes əlaqələrinin inkişafı üçün şəraitin yaradılmasıdır. İkitərəfli əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilib. Bu, ticari əngəllərin aradan qaldırılması, nəqliyyat potensialının inkişaf etdirilməsi, Azərbaycan ərazisində birgə istehsalın yaradılmasıdır.
“Biznes Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığının əsasını təşkil edir. RAİŞ biznes ideyalarının generatoru, sistemli məsələlərin akkumulyatoru və onların həlli üçün təklif mənbəyi qismində çıxış edə bilər”, - deyə M.Oreşkin əlavə edib.
İclasda Şuranın sədri seçilib. «Aleksey Repikin namizədliyi qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün son dərəcə uyğundur”, - deyə M.Oreşkin vurğulayıb.*
A. Əzizov