Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2018-ci ilin I yarısında 37,349 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 22% çoxdur. Bu barədə şirkətin məlumatında deyilir.
«Hesab edirəm ki, biz 2018-ci ildə 78-84 min unsiya qızıl ekvivalentində hasilata hazırıq», - deyə şirkətin baş direktoru Reza Vəziri bildirib.
Şirkətin məlumatına görə, bu ilin I yarısında “Anglo Asian Mining plc” tərəfindən 33,255 min unsiya qızıl (2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 43%), 587 ton mis (azalma 55,6%), 84,785 min unsiya gümüş (azalma 0,4%) hasil olunub.
"I yarımillikdə “Gədəbəy” yatağından 31,282 min unsiya qızıl (artım 1,7 dəfə), 13,124 min unsiya gümüş (artım 2,3 dəfə), 3,438 min ton mis konsentratı hasil edilib. Bu həcmdən 25,778 min unsiya qızıl (artım 64,3%) və 1,319 min unsiya gümüş (artım 6,5%) şirkət tərəfindən dünya bazarında satılıb”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, hesabat dövründə "Anglo Asian Mining" şirkəti tərəfindən “Gədəbəy” yatağından hasil edilmiş $5,936 mln. dəyərində (2017-ci ilin I yarısında $10,324 mln.) mis konsentratının satışı həyata keçirilib.*
N.Abbasova