Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinə düzəlişləri təsdiq edib.
Düzəlişlərə əsasən, fondun 2018-ci il büdcəsinin gəlirləri 15 mlrd. 310 mln. 823,9 min manatadək, xərcləri 11 mlrd. 480 mln. 221,8 min manatadək artırılıb.
Xəbər verildiyi kimi, daha əvvəl ARDNF-in 2018-ci il büdcəsinin gəlirləri 11 mlrd. 559 mln. 956,2 min manat, xərcləri 9 mlrd. 730 mln. 221,8 min manat məbləğində təsdiqlənmişdi.
ARDNF-in büdcə parametrlərinə yenidən baxılması neftin qiymətinin dəyişməsi ilə əlaqədardır. Fondun 2018-ci il büdcısində bir barel neftin qiyməti 45 dollardan hesablanmışdı. Lakin yanvar-may aylarında neftin qiyməti olduqca yüksək olduğu üçün ARDNF-in 2018-ci il büdcəsində neftin bir barelinin qiyməti 55 dollardan hesablanıb.
2018-ci ildə ARDNF-ə mənfəət nefti və qazının satışından 13 mlrd. 307 mln. 411 min manat (fondun cari il üçün bütün gəlirlərinin 86,9%-i) daxil olacaq.
Bundan başqa, tranzit gəlirləri 17,37 mln. manat, akrhesabı ödənişlər 4,08 mln. manat məbləğində proqnozlaşdırılır.
Neft-qaz şirkətləri tərəfindən ödəniləcək bonuslar 765 mln. 228,1 min manat, fondun valyuta aktivlərinin idarə olunmasından gəlirlər 1 mlrd. 216 mln. 734,8 min manat məbləğində proqnozlaşdırılır.
Xərclərin strukturunda yalnız dövlət büdcəsinə transfertlərin məbləğində dəyişiklik edilib. Transfertlərin həcmi 10 mlrd. 966 mln. manat və ya bütün xərclərin 95,5%-ni təşkil edəcək.*
N.Abbasova