Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçirməyi planlaşdırır. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Energetika Nazirliyi Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihə həyata keçirməyi planlaşdırır. Layihə çərçivəsində Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılması, həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi, eləcə də müasir norma və prinsiplərin tətbiq edilməsi nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Nazirlər Kabineti pilot layihənin icrasına icazə verib. Asiya İnkişaf Bankı tərəfindən məsləhətçi şirkətin seçilməsi üçün tender prosesi yekunlaşdıqdan sonra layihə üzrə işlərə başlanması planlaşdırılır.*
N.Abbasova