Prezident İlham Əliyev yaxın gələcəkdə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni sazişin imzalanacağına ümid edir.
“Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri müzakirə etdik. Ümid edirəm ki, yaxın gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş imzalanacaq”, – deyə o, bu gün İtaliya prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Doqquz ölkə ilə, o cümlədən İtaliya ilə belə bəyannamələr qəbul edilib. “Bu gün apardığımız danışıqlarda, keçirdiyimiz görüşlərdə bir çox məsələlər müzakirə edildi. Regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz – bir çox məsələlər müzakirə edildi və deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür”, - deyə o qeyd edib.
İ.Əliyev əlavə edib ki, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. “İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir.Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir. Biz bu gün bu məsələ ilə bağlı da danışdıq və mən prezident Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır, biz onların səviyyəsini bilirik, onlar çox yüksək texnologiyaya malik olan şirkətlərdir. Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənaye sahəsində bir çox layihələr icra ediblər və çox yüksək səviyyədə icra ediblər”, - deyə prezident vurğulayıb.
O əlavə edib ki, Azərbaycan İtaliya üçün etibarlı tərəfdaşdır.*
A.Əzizov