Azərbaycan şirkətləri italiyalı tərəfdaşları ilə əməkdaşlıqda maraqlıdır. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
"İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu gün Azərbaycanda İtaliya kapitalı ilə 100 şirkət fəaliyyət göstərir", - deyə o, bu gün Bakıda Azərbaycan-İtaliya dəyirmi masasında bildirib.
Nazir müavininin sözlərinə görə, İtaliya Azərbaycanın energetika sektoruna fəal şəkildə sərmayə yatırıb. Bundan başqa, qeyri-neft sektoruna da investisiya qoyuluşları həyata keçirilib.
R.Məmmədov əlavə edib ki, Azərbaycan şirkətləri italiyalı tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
O, jurnalistlərlə söhbət zamanı qeyd edib ki, indiyədək İtaliya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına $500 mln.-a yaxın sərmayə qoyulub, Azərbaycanın İtaliyaya sərmayə qoyuluşları isə $140 mln. məbləğində qiymətləndirilir.*
B.Rüstəmbəyov