“SOCAR Polymer” şirkəti 2018-ci ilin sonunda Sumqayıtda polietilen zavodunu istifadəyə verəcək. Bunu prezident İlham Əliyev deyib.
İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.
“Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır”, - deyə dövlət başçısı zavodun açılış mərasimində bildirib.
Onun sözlərinə görə, idxalın əvəz olunması Azərbaycanın əsas məqsədidir.
“Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir. Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla gedir. Bu ilin altı ayında qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Bu zavodun və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsindən sonra bizim sənaye potensialımız daha da artacaqdır”, - deyə İ.Əliyev qeyd edib.
O vurğulayıb ki, son 15 il ərzində Azərbaycana 250 milyard dollara yaxın sərmayə qoyulub. Zavodun tikintisi üçün xarici banklardan kredit cəlb olunub.
İ.Əliyevin sözlərinə görə, Azərbaycan sənaye potensialının inkişafı, ən müasir texnologiyaların tətbiq olunduğu yeni sənaye müəssisələrinin yaradılması siyasətini davam etdirəcək.*
A.Əzizov