Trans-Adriatik qaz kəməri (TAP) Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən və istehlakçıları tərəfindən ən çox qaz pulu ödəyən ölkə olan İtaliya üçün yeni qaz mənbəyi olacaq. Azərbaycanın energetika naziri Pərviz Şahbazov belə hesab edir.
Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, P.Şahbazov iyulun 18-də İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Enerji sahəsində İtaliya ilə əməkdaşlığın mühüm elementi kimi TAP boru kəməri layihəsindən bəhs edən nazir TAP-ın İtaliya üçün əhəmiyyətini artıran məqamları da vurğulayıb. O bildirib ki, TAP Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən və istehlakçıları tərəfindən ən çox qaz pulu ödəyən ölkə kimi İtaliyanın mənbələrinindiversifikasiyasına xidmət edəcək. Ölkənin dekarbonizasiya tədbirlərinə dəstək olacaq”, - deyə məlumatda bildirilir.
Görüşdə müxtəlif sahələri əhatə edən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı, İtaliya şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələr və perspektiv əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.
M.Ceraçi isə iki ölkə arasında uzunmüddətli əməkdaşlığın əsasında enerji sektorunun mühüm rol oynadığını deyib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan nazir müavini enerji ilə yanaşı ölkəsinin digər sahələrdə də əməkdaşlığın dərinləşdirilməsi üçün maraqlı olduğunu bildirib.*
N.Abbasova