Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan bankından 1,5 mln. manat ($880 min) məbləğində vəsaiti oğurlamaqda təqsirləndirilən Moldova vətəndaşı Sergey Petroviçini 10 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmə dəftərxanasından məlumat verilib.
"Bu gün məhkəmə S.Petroviçini 10 il müddətinə azadlıqdan məhrum edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, S.Petroviçi 3 mln. manatdan çox vəsaitin Azərbaycandan kənarda fəaliyyət göstərən kibercinayətkar qrup tərəfindən oğurlanması faktı üzrə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə 2017-ci ilin dekabr ayında Bakıya ekstradisiya edilib.
Cinayətkarlar ölkə banklarının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edərək pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlar aparıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 273.4-cü (kompyuter sisteminə qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.*
A.Əzizov