Son 10 ildə İtaliya şirkətləri Azərbaycanın neft sənayesində 5 milyard avrodan çox məbləğdə layihələr reallaşdırıb. Bunu İtaliya prezidenti Sercio Mattarella deyib.
“Son 10 ildə italyan müəssisələrinin və italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur”, - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Prezident vurğulayıb ki, Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır. “Biz isə istəyirik ki, həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq”, - deyə S.Mattarella qeyd edib.
Onun sözlərinə görə, İtaliya şirkətləri ətraf mühitin qorunması, yenidən dəyərləndirilməsi, kənd təsərrüfatının inkişafı və emal sənayesinin transformasiyası, infrastruktur, nəqliyyat, logistika, tikinti kimi sahələrdə Azərbaycanın inkişafına töhfə verməyə hazırdır. İtaliya şirkətləri enerji, ətraf mühitin qorunması sahələrində yenidən dəyərləndirmə ilə bağlı layihələrə də maraq göstərir. İtaliya bu sahədə olan təcrübəsini və imkanlarını təklif edərək bunu dəstəkləməyə hazırdır.
İtaliya prezidenti deyib ki, Azərbaycan nəqliyyat və logistikanın inkişafı üçün əlverişli və strateji coğrafi mövqedə yerləşir. “Ölkəniz bundan uzunmüddətli şəkildə istifadə etməlidir. Məhz dünən bizim Dövlət Dəmir Yolları ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında mövcud olan marşrutların istifadəsi, dəmir yolu vasitələrinin, vaqonlarının tikintisi, yeni marşrutların inkişaf etdirilməsi üçün əməkdaşlıq memorandumu imzalandı. Həmçinin nəqliyyat infrastrukturunun yaradılması sahəsində də əməkdaşlıq üçün imkanlar var”, - deyə o əlavə edib.*
A.Əzizov