Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır və onun inkişafı üçün ölkə ərazisində lazım olan bütün infrastruktur yaradılır. Bunu prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.
“Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Biz bu sahəyə də böyük vəsait qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi hazırda fəaliyyətdədir. Azərbaycan ərazisində lazım olan bütün infrastruktur yaradılır. İndi yüklər Azərbaycan ərazisindən rahatlıqla daşınır. Gələcəkdə qonşu ölkələrdə əlavə vəsait qoyuluşu nəticəsində bu yolun yükaşırma qabiliyyəti daha da artacaq”, - deyə o bildirib.
Dövlət başçısı xatırladıb ki, 2017-ci ilin oktyabrında Azərbaycanı Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yol Azərbaycan ərazisindən açılıb. “Əgər ənənəvi dəniz yolu 30-35 gün tələb edirsə, yeni Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklər Asiyadan Avropaya cəmi iki həftə ərzində daşınır. Biz görürük ki, bu yolla yükdaşımalar gündən-günə artır və bu, çox etibarlı yeni bir nəqliyyat damarı olacaq”, - deyə İ.Əliyev vurğulayıb.
O deyib ki, Xəzər hövzəsində ən böyük dəniz ticarət limanı bu ilin may ayında istifadəyə verilib. Onun hazırda yükaşırma qabiliyyəti 15 milyon ton, gələcəkdə isə 25 milyon ton olacaq. Həmçinin Azərbaycanın Xəzər hövzəsində ən böyük ticarət donanması var. İndi 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır.
Prezident əlavə edib ki, son 15 il ərzində ölkədə 15 min kilometr magistral yollar çəkilib.*
N.Abbasova