2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda baş verən yanğınlar nəticəsində 54 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 19 nəfər və ya 54% çoxdur”, - deyə məlumatda bildirilir.
Yanvar-iyun aylarında baş vermiş yanğın hadisələri zamanı 86 nəfər (azalma 12%) xəsarət alıb.
Çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş verən yanğın hadisələri zamanı 24 nəfər həlak olub, 64 nəfər xəsarət alıb.
Yanvar-iyun aylarında baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 6,69 min çıxış (artım 27,6%) edilib. Bunun 1,027 mini çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 4,189 mini açıq sahələrdə, 2-si meşə və meşə talalarında, 167-si nəqliyyat vasitələrində, 1,305-i digər yerlərdə baş verən yanğınlarla əlaqədar olub.*
N.Abbasova