Fransanın “Wilmotte & Associés Architectes” şirkəti Bakının inkişaf konsepsiyasının həyata keçirilməsində iştirak edə bilər.
Sözügedən məsələ iyulun 19-da prezident İlham Əliyevin Parisdə “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanım Borina Andriye ilə görüşü zamanı müzakirə olunub.
“B.Andriye Bakının infrastrukturunun təkmilləşdirilməsini, yeni binaların, parkların tikilməsini yüksək qiymətləndirib. Söhbət zamanı Bakının inkişaf konsepsiyasının həyata keçirilməsində bu şirkətin iştirakının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev həmin gün “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə də görüşüb.
“Görüşdə “SUEZ” şirkətinin Bakı və Sumqayıt şəhərlərində içməli suyun təmizlənməsi üzrə bir neçə layihədə iştirakından danışılıb. Azərbaycanın əhalisinin artdığını qeyd edən prezident İ.Əliyev bu layihələrin vacibliyinə toxunub, onların strateji əhəmiyyətini qeyd edib. Söhbət zamanı bu sahədə mövcud təkliflər nəzərdən keçirilib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova