Prezident İlham Əliyev ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərinDaxili İşlər nazirliklərinin əməkdaşlığını effektiv hesab edir.
“Bu formatda 25 ildən artıq həyata keçirilən əməkdaşlıq müasir dövrdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarının doğurduğu çağırış və təhdidlərə qarşı kollektiv mübarizənin səmərəliliyinin bariz nümunəsidir”, – deyə İ.Əliyevin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarına ünvanladığı tərbirkdə qeyd olunur.
Onun sözlərinə görə, ötən illər ərzində Daxili İşlər Nazirləri Şurası ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətlərində mühüm işlər görmüş və qarşılıqlı fəaliyyəti təmin etmişdir. Bunun nəticəsində əməkdaşlıq potensialı, məlumat mübadiləsi və birgə tədbirlərin keçirilməsinin effektivliyi əhəmiyyətli dərəcədə artmışdır.
“Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin, regionların və bütövlükdə dünyanın təhlükəsizliyinə təhdidlər artmaqda davam edir, bu təhdidlərin həyata keçirilmə forma və üsulları isə daha da mürəkkəb və təhlükəli xarakter alır. Bununla əlaqədar olaraq daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə və vəziyyətə adekvat reaksiya verməyə hazır olmalıdırlar”, - deyə dövlət başçısı vurğulayıb.
Bununla əlaqədar o, Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpol xətti ilə əlaqələrin vacibliyini diqqətə çatdırıb.
“Daxili işlər orqanları ölkəmizdə sabitliyin və qanunçuluğun təmin edilməsinə mühüm töhfə verir, beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı ciddi mübarizə aparırlar. Bu işdə MDB iştirakçısı olan dövlətlərin tərəfdaş təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir”, - deyə İ.Əliyev vurğulayıb.*
A.Əzizov