2018-ci ilin birinci yarısında Azərbaycanın dəniz limanları ilə yük daşımalarının həcmi 2017-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 6,6% - 4 mln. 915,6 min tona qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yüklərin ümumi həcmindən 4 mln. 646,1 min ton və ya 94,5% beynəlxalq tranzit yüklərin, 5,5% yerli yüklərin payına düşüb. Tranzit daşımaların həcmi 2017-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 8% azalıb”, - məlumatda bildirilir.
2017-ci ildə Azərbaycanın dəniz limanlarında 10 mln. 769,2 min ton yük emal edilib.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının 17 yanalma körpüsü var (xam neft və neft məhsullarının daşınması üçün 5, taxta-şalban və digər yüklər üçün 10, sərnişindaşıma üçün 2 yanalma körpüsü). Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsinə tikilən yeni Bakı Beynəlxalq Dəmiz Limanının bərə terminalı istifadəyə verilib. **
N.Abbasova