Azərbaycan hökuməti qazlaşdırılması səmərəli olmayan yaşayış məntəqələrinin siyahısını tərtib edib.
Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyətinə dair 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında deyilir.
“Qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələri müəyyən edilib və müvafiq siyahı tərtib olunub (31 rayon, 671 kənd və qəsəbə tipli yaşayış məntəqəsi, 32 236 fərdi təsərrüfat). Eyni zamanda, sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair” qayda (metodika) hazırlanıb”, - deyə sənəddə bildirilir.
Ucqar yaşayış məntəqələrinin qazlaşdırılmasının səmərəliyinin təhlili, eləcə də qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrində alternativ enerji təminatı ilə bağlı Belarusun təcrübəsi öyrənilib.
Bundan başqa, qaz şəbəkəsinin mövcud vəziyyəti və qaz itkiləri təhlil olunub, qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə inkişaf planı hazırlanıb.
“Həmçinin qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması üçün Bakı şəhəri və Abşeron rayonunun (1-ci layihə), hazırda ən yüksək qaz itkisi olan 22 şəhər və rayon mərkəzlərinin (2-ci layihə) qaz təchizatı sistemlərinin köklü surətdə yenidən qurulması üçün tələb olunan investisiya qoyuluşu hesablanıb, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli kimi qiymətləndirilən yaşayış məntəqələrinin adlı siyahısı müəyyən edilib və onların qazlaşdırılması üçün də tələb olunan investisiya qoyuluşu hesablanıb”, - deyə sənəddə qeyd olunur.*
N.Abbasova