“Azərbaycan Sənaye Bankı” (ASB) ASC İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankı oldu.
Fondun saytında verilən məlumata göə, İKZF-nin vəsaitlərindən ipoteka krediti vermək hüququna malik olan müvəkkil bankların sayı 21-ə çatıb.
Hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 466 mln. manatdır.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
A.Əzizov