Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın və milli müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərləri gözlənilir. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Bakıda mətbuat konfransında məlumat verib.
“Ölkələrimizdə keçirilən seçkilərdən sonra qarşılıqlı səfərlər etmək bir ənənədir. Azərbaycan prezidenti İlham Əliyev seçkilərdən sonra Türkiyəyə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Azərbaycana səfər edib. Yaxın zamanlarda Türkiyə Böyük Millət Məclisinin sədri və milli müdafiə naziri də Azərbaycana səfərə gələcək”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, Ankara və Bakı avqustda Qırğızıstanda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitinə hazırlıq çərçivəsində birgə işlər görür.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Bakı və Ankara müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin qarşılıqlı maraqlarını müdafiə edir.*
F.İsazadə