Azərbaycanın xarici işlər naziri erməni həmkarı Zöhrab Mnatsakanyanla yenidən görüşməyə hazır olduğunu deyib.
"Biz Ermənistan XİN başçısı ilə yeni görüş keçirməyi planlaşdırırıq. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müvafiq razılaşma əldə olunub", - deyə o, iyulun 24-də mətbuat konfransında bildirib.
XİN başçısı yeni görüşə hazır olduğunu vurğulayıb.
"Görüş BMT Baş Assambleyası çərçivəsində və ya daha tez baş tuta bilər”, - deyə E.Məmmədyarov qeyd edib.
Onun sözlərinə görə, Ermənistan XİN başçısı ilə birinci görüş iyulun 11-də Brüsseldə keçirilib. "Biz bir neçə saat ərzində bir-birimizi tanımağa çalışdıq. Qarabağ münaqişəsinin həlli ilə bağlı Nalbandyan və Mnatsakanyanın baxışlarındakı fərqə gəlincə, deyə bilərəm ki, yeni nazir peşəkardır", - deyə E.Məmmədyarov əlavə edib.
XİN başçısı deyib ki, qarşı tərəf Azərbaycan prezidenti və Ermənistan baş nazirinin görüşünün keçirilməsi mümkünlüyü ilə bağlı məsələni müzakirə etmək üçün vaxt istəyib.*