Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ankaranın mövqeyi dəyişməzdir və Azərbaycana dəstəyə əsaslanır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyi dəyişməzdir, biz Azərbaycanı dəstəkləyirik”, - deyə o, iyulun 24-də Bakıda mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, o, Brüsseldə Ermənistanın yeni baş naziri və xarici işlər naziri ilə qeyri-formal görüş keçirib.
"Mən Türkiyənin Avropa Şurasındakı nümayəndəsi olarkən, Zöhrab Mnatsakanyan da Ermənistanın həmin təşkilatdakı səfiri olub. Mən Ermənistanın XİN başçısı təyin edilməsi münasibətilə onu təbrik etdim, o isə ölkəsinin yeni baş nazirini (Nikol Paşinyan - İF) mənə təqdim etdi və mən onu da təbrik etdim. Lakin bu görüşlər və təbriklər Türkiyənin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişmir”, - deyə M.Çavuşoğlu vurğulayıb.*