2018-ci ilin I yarısında Azərbaycanda bankların ümumi xalis mənfəəti 36,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,3 dəfə azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
2018-ci ilin yanvar-iyun aylarında bankların faiz gəlirləri 843,3 mln. manat (2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 16,3% - İF), o cümlədən verilmiş kreditlər üzrə 584,3 mln. manat (azalma 22,14%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 249,5 mln. manat (azalma 45,8%) məbləğində olub.
Yanvar-iyun ayları ərzində bankların faiz xərcləri 299 mln. manat (azalma 38,1%), o cümlədən depozitlər üzrə 189,8 mln. manat, qeyri-faiz xərcləri 485,1 mln. manat (artım 1,9%) təşkil edib.
I yarımilliyin yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 308,6 mln. manat (azalma 39,4%), mənfəət vergisi üzrə ödənişlər 15 mln. manat məbləğində olub. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 258,4 mln. manat (2017-ci ilin I yarısında 408,9 mln. manat - İF) yönəldib. Nəticədə cari ilin yanvar-iyun aylarında bank sektorunun xalis mənfəəti 36,3 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda bankların xalis mənfəəti 883,6 mln. manat təşkil edib.*
A.Əzizov