“SOCAR AQŞ” MMC və beynəlxalq “KCA Deutag” qazma şirkəti “Turan” Qazma və Mühəndislik Şirkəti adlı birgə müəssisə təsis edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbrinin verdiyi xəbərə görə, “SOCAR AQŞ” MMC-nin baş direktoru Ramin İsayev və “KCA Deutag” şirkətinin prezidenti Norri Makkey (Norrie McKay) bu gün Bakıda yeni şirkətin yaradılması haqqında təsis müqaviləsi imzalayıblar.
N.Makkey çıxışı zamanı qeyd edib ki, “SOCAR AQŞ” ilə birgə yeni qazma şirkətinin yaradılması “KCA Deutag” şirkətinin tarixində yeni səhifə açacaq. "Məqsədimiz “SOCAR AQŞ” ilə təcrübə və səylərimizi birləşdirərək daha güclü şirkət yaratmaq və nailiyyətlərimizi yaxşılaşdırmaqdır. Yeni birgə müəssisə vasitəsilə ilə biz həm Azərbaycanda, həm də qonşu ölkələrdə yeni biznes imkanlarını nəzərdən keçirə biləcəyik",- deyə o bildirib.
R.İsayev isə deyib ki, yeni birgə müəssisə qazma və maddi-texniki baza sahəsində kadr potensialının inkişafına töhfə verəcək.
Birgə müəssisə Bakıda fəaliyyət göstərəcək və Xəzər regionu və Mərkəzi Asiyada qazma və mühəndislik xidmətləri təqdim edəcək.
“SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib.
“KCA Deutag” şirkəti 1997-ci ildən Azərbaycanda həyata keçirilən layihələrdə iştirak edir.*
N.Abbasova