30 iyun 2018-ci il tarixinə «Bank Respublika»nın aktivləri təxminən 860 mln. manat məbləğində qiymətləndirilir. Bu barədə bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna bankın aktivləri 702,1 mln. manat təşkil edib. Beləliklə, “Bank Respublika” cari ilin yanvar-iyun aylarında aktivlərini 22,5% artırıb.
Məlumatda qeyd olunur ki, 2018-ci ilin II rübündə bankın aktivləri 16,4% artıb.
Aprel-iyun aylarında bankın depozit portfelində cari ilin birinci rübünə nisbətən 23,2%, kredit portfelində isə 13% artım qeydə alınıb.
II rübün yekunları üzrə “Bank Respublika”nın xalis mənfəəti 638 min manat təşkil edib.
“2018-ci ilin ikinci rübünün yekunları üzrə əldə etdiyimiz pozitiv göstəricilər – təsdiq etdiyimiz inkişaf strategiyasının mərhələli şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu nəticələr müştərilərimizin maliyyə ehtiyaclarını maksimal şəkildə təmin etməyə və biznesi maliyyələşdirən aparıcı təşkilat kimi bankın bazardakı mövqeyini möhkəmləndirməyə imkan verəcək”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın səhmlərinin 84%-i sahibkar Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur.*
A.Əzizov