İsmayıllı rayon prokuroru Ülvi Abbasov işdən çıxarılıb, onun böyük köməkçisi Faiq Quliyev isə həbs edilib.
“F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin İdarə Heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edilib. İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib”, - deyə Baş Prokurorluğun məlumatında bildirilir.
F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.
İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə