Azərbaycan 2018-ci ilin yanvar-may aylarında "Şahdəniz" yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə 2 mlrd. 615,1 mln. kubmetr qaz ixrac edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 5,6% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
May ayında Azərbaycandan Türkiyəyə 601,3 mln. kubmetr qaz ixrac olunub. Türkiyəyə qaz tədarükünün ümumi həcminin 19,98%-i Azərbaycan qazının payına düşüb.
May ayı ərzində bu ölkəyə 3 mlrd. 8,82 mln. kubmetr qaz ixrac edilib (2017-ci ilin may ayı ilə müqayisədə azalma 19,29%).
2017-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 542,39 mln. kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.*
N.Abbasova