Sumqayıt şəhərində avtotəmir sexində yük avtomobilinin yanacaq çəninin partlaması nəticəsində 4 nəfərin ölümü ilə əlaqədar cinayət işi başlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluqdan məlumat verilib.
“Avtotəmir sexində usta işləyən Müsü Məlikov, Rövşən Məlikov və Akif Quliyevin, eləcə də “DAF” markalı avtomobilin sahibi Fərhad Rüstəmovun olməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb”, - məlumatda deyilir.
İyulun 28-də saat 19:00 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı 99 JD 282 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən yanacaq çəni partlayıb.
Hadisə nəticəsində qeyd olunan şəxslər yanıq xəsarətləri ilə 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər.
Zəruri tibbi yardım göstərilməsinə baxmayaraq həmin şəxslər xəstəxanada vəfat ediblər.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanıb.**