“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2018-2021-ci illərdə Azərbaycanda ÜDM-nin orta illik artım tempini 3% səviyyəsində proqnozlaşdırır. Bu barədə agentliyin məlumatında deyilir.
“S&P” Azərbaycanın uzunmüddətli suveren reytinqini "BB+" səviyyəsində təsdiq edib. Uzunmüddətli reytinq proqnozu “stabil” olaraq təsdiqlənib.
"Bizim Azərbaycan üzrə reytinqlərimiz Dövlət Neft Fondunda yığılmış ehtiyatlarla (proqnozlara görə, 2018-ci ilin sonuna ÜDM-nin 60%-ə qədəri) dəstəklənən güclü maliyyə vəziyyətinə əsaslanır", - deyə məlumatda bildirilir.
"Biz iqtisadi artımın tədricən – ildə 3% səviyyəsində bərpa olunacağını, lakin neft sənayesindəki tendensiyalardan və dövlət investisiyalarından asılı olacağını gözləyirik", - deyə agentlik qeyd edir.
Agentliyin proqnozlarına görə, 2018-ci ildə Azərbaycanda ÜDM 2%, 2019-cu ildə 3%, 2020-2021-ci illərdə 3,5% artacaq.
Bununla yanaşı, 2018-ci ildə ÜDM-nin nominal həcmi $47 mlrd., 2019-cu ildə $47 mlrd., 2020-ci ildə $47 mlrd., 2021-ci ildə $49 mlrd. təşkil edəcək.
Agentlik yaxın illərdə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”-nin həyata keçirilməsi hesabına qazın ixrac həcminin artacağını gözləyir.
“S&P” 2018-2021-ci illərdə ölkədə orta illik inflyasiyanı 4% səviyyəsində proqnozlaşdırır.
“S&P-nin proqnozlarına görə, 2018-ci ildə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-nin 6,7%-ni, 2019-cu ildə 4,8%-ni, 2020-ci ildə 2,4%-ni, 2021-ci ildə 2,7%-ni təşkil edəcək.
Cari ildə xarici ticarətin profisiti ÜDM-nin 18,7%-i, 2019-cu ildə 16,6%-i, 2020-ci ildə 14,5%-i, 2021-ci ildə 15,1%-i səviyyəsində proqnozlaşdırılır.
“S&P”-nin qiymətləndirmələrinə görə, 2018-2021-ci illərdə Azərbaycanın büdcəsində profisit yaranacaq: 2018-ci ildə ÜDM-nin 4%-i, 2019-cu ildə 2%-i, 2020-ci ildə 1%-i, 2021-ci ildə 1%-i.
“S&P” Azərbaycan hökumətinə iqtisadiyyatın şaxələndirilməsi üçün struktur islahatların həyata keçirilməsini tezləşdirməyi, eləcə də biznes mühitini yaxşılaşdırmağı tövsiyə edir.
Azərbaycanın iqtisadi perspektivlərinin pisləşəcəyi təqdirdə agentlik onun kredit reytinqlərini azalda bilər. Bu, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”nin reallaşdırılmasında ləngimə baş verdikdə, habelə ölkədə neft hasilatı planlaşdırıldığından daha sürətlə azaldıqda baş verə bilər.
Eyni zamanda, ölkənin pul-kredit siyasətinin effektivliyi artdıqda, iqtisadiyyat şaxələndirildikdə, iqtisadi inkişaf perspektivləri, ixracın strukturu yaxşılaşdıqda agentlik onun reytinqlərini artıra bilər.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-nin 1,5%, 2019-cu ildə 4%, 2020-ci ildə 3,7%, 2021-ci ildə 2,9% artacağını proqnozlaşdırır.*