Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması Bakının Brüssel ilə əlaqələrə böyük əhəmiyyət verdiyini nümayiş etdirdi.Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
“Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması(11 iyul 2018-ci il tarixində Brüsseldə - İF) Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirdi”, - dövlət başçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirilir.
Onun sözlərinə görə, Azərbaycan-Avropa İttifaqı əlaqələri gündəliyi genişdir, Bakı ilə Brüssel arasında əməkdaşlıq uğurla inkişaf edir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan, eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır və bu təşkilat Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.
Öz növbəsində, T.Klaar əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu dedi.Bu baxımdan o, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu bildirdi.
“Görüş zamanı əməkdaşlığın perspektivləri, nəqliyyat, ticarət, turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda qeyd olunur.
İ.Əliyev və T.Klaar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər. **
F.İsazadə