Baş nazir Novruz Məmmədov bu gün Bakıda vətəndaş Yaşar Əhmədovun intihar etməsi cəhdinin qarşısını alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
1969-cu ildə Tovuzda anadan olan fəhlə Yaşar Əhmədov ailə münaqişəsi zəminində metronun"Koroğlu" stansiyasının yaxınlığındakı körpüyə çıxaraqintihara cəhd edib.
"Səhər tezdən baş nazir işə gələrkən ona məlumat verilib ki, körpünün üstündə bir nəfər intihara cəhd edir. O, başqa yolla gəlməsinə baxmayaraq, hadisəni eşidən kimi göstəriş verib və avtomobil korteci hadisə olan yerə, yəni körpünün yanına gedib", - deyə məlumatda bildirilir.
Baş nazir intihara cəhd edən şəxslə telefon əlaqəsi yaradıb. Baş nazirin telefon danışığı zamanı məlum olub ki,intihara cəhd edən şəxs 1969-cu ildə Tovuzda anadan olan, fəhlə Yaşar Əhmədovdur. "Y.Əhmədov ailə münaqişəsi zəminində övladlarının narahatlığını çəkərək çıxış yolunu bu addımı atmaqdagördüyünü bildirib. O, baş nazirə deyib ki, iki övladı var, anası onları harasa aparıb, tapa bilmir, buna görə də intihar etmək istəyir. Baş nazir onu əmin edib ki, müvafiq qurumlar tərəfindən problemi araşdırılaraq lazımı köməklik ediləcək, intihar etmək niyyətindən daşınsın”, - deyə məlumatda qeyd olunur.
N.Məmmədov Y.Əhmədovu Nazirlər Kabinetinə dəvət edib.
“Baş nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məsələni araşdırmaq və Y.Əhmədovun övladlarının harada olduğunu öyrənmək üçün göstəriş verib”, - deyə məlumatda bildirilir.*
F.İsazadə