Hesablama Palatası tərəfindən 2018-ci ilin I yarısında aparılan yoxlamalar nəticəsində 4,7 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bu barədə palatanın məlumatında deyilir.
“2018-ci ilin İş Planına əsasən Hesablama Palatasının Kollegiyası 34-ü audit və 1-i analitik təhlil olmaqla 35 nəzarət tədbirinin başlanılması, həmçinin 1-i müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun məxfi qaydada olmaqla 17 auditin nəticələri ilə bağlı qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Nəticələri ilə bağlı Kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə 4,7 mln. manat və artıq ödənilmiş vergi məbləğlərindən azaldılması yolu 2,2 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə, 87,2 min manat məbləğində vəsaitin isə büdcədənkənar fondların büdcəsinə bərpası təmin edilib.
Hesablama Palatasının 2018-ci ilin ilk yarısında həyata keçirdiyi nəzarət tədbirləri 3,2 mlrd. manat məbləğində vəsaiti əhatə edib. Həmin vəsaitlərin 32,5%-ni dövlət büdcəsinin və 2,4%-ni büdcədənkənar fondlarının büdcəsinin xərcləri, 14,2%-ni dövlət zəmanəti ilə alınmış daxili və xarici kreditlər, 50,9%-ni isə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyəti və təşkilatların funksional fəaliyyəti ilə bağlı vəsaitlər təşkil edib.
Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilmiş və ümumilikdə 232 halda nöqsan müəyyən edilib. “Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı inzibati xəta hallarının müəyyən edilməsi ilə 2 nəzarət tədbiri ilə bağlı müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - deyə məlumatda vurğulanır.*
A.Əzizov