Tarif Şurası Bakı şəhərində ictimai nəqliyyatda və Bakı Metropolitenində sərnişindaşıma xidmətləri üzrə tarifləri 50% - 0,3 manatadək artırıb. Bu barədə Şuradan məlumat verilir.
Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcək. Tariflərin artırılmasının təşəbbüskarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Nazirlik ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amilləri nəzərə alaraq sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciət edib.
Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təşkil edəcək.
Şura məlumat üçün bildirilir ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.**
F.İsazadə