Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasınınnəzdində təhlil mərkəzinin yaradılmasını təklif edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İ.Kərimov bu təklifi assosiasiyanın İdarə Heyətinin üzvləri ilə görüş zamanı səsləndirib.
“Görüşdə meyvə-tərəvəz istehsalçılarının problemləri müzakirə olunub, problemlərdən həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılıb. Nazir gələcəkdə assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aqrar sahədə kiçik təhlil mərkəzinin yaradılmasını tövsiyə edib. Bundan başqa, assosiasiyanın təşkilatlanması və onun gələcək inkişafı ilə bağlı idarəetmə mexanizminin optimallaşdırılması üçün katibliyin yaradılması məsələsinə də toxunulub”, - deyə məlumatda bildirilir.
Assosiasiya üzvləri bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib və mütəmadi fikir mübadiləsi aparmaq üçün yeni platformaların yaradılmasını məqbul sayıblar.
Görüşdə ölkəyə ən son nəsil aqrotexniki avadanlıqların gətirilməsi, bu avadanlıqların assosiasiyaya üzv şirkətlərə verilməsi, badam bağlarının salınmasına dəstək verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin inşasına icazə verilməsinə köməklik göstərilməsi, mövcud xarici bazarların keyfiyyətli məhsulla təmin olunması kimi təkliflər müzakirə olunub.*
A.Əzizov