“Dəniz Kuboku-2018” müsabiqəsinin keçirilməsində məqsəd dostluğun möhkəmlənməsi və Xəzər dənizində sabitliyin artırılmasıdır. Bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Sübhan Bəkirovdeyib.
“Bu oyunların məqsədi Xəzərdə dostluq, sülh və sabitliyin möhkəmlənməsidir. Müsabiqə 3 mərhələdə keçiriləcək. Birinci mərhələyə dəniz hazırlığı üzrə yarışlar, ikinci mərhələyə - gəmilər arasında yarışlar, üçüncü mərhələyə - artilleriya atışlarının icra olunması daxildir”, - S.Bəkirov çərşənbə axşamı Bakıda mətbuat konfransında bildirib.
Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. “Rusiya üç ildir müsabiqədə kiçik raket gəmilərini nümayiş etdirir. Bu il müsabiqədə digər xüsusiyyətlərə malik kiçik raket gəmiləri iştirak edəcək. Həmin gəmilərin əsas fərqləndirici cəhəti öncəki illərdə nümayiş etdirilən gəmilərdə su tutumu iki dəfə az olmasıdır”, - o qeyd edib.
“Ümid edirəm ki, müsaiqə Xəzəryanı dövlətlər arasında siyasi, iqtisadi və digər əlaqələrin daha da yaxınlaşmasına xidmət edəcək”, - İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Şahram Həbibi vurğulayıb.
Cari ilin iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır. **
F.İsazadə