İtaliya ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərəcək. Bunu İtaliya prezidenti Sercio Mattarella Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanda görüşü zamanı deyib.
"S.Mattarella qeyd edib ki, İtaliya ATƏT-də sədrliyi dövründə də Qarabağ münaqişəsinin həlli məsələsində balanslaşdırılmış siyasətini davam etdirəcək. O əmin edib ki, İtaliya problemin yalnız sülh yolu həlli üçün səylərini əsirgəməyəcək", - deyə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir.
İtaliya prezidenti, həmçinin deyib ki, Qarabağ münaqişəsi müharibə yolu ilə həll oluna bilməz.
"Münaqişənin yalnız siyasi yolla həlli mümkündür", - deyə S.Mattarella qeyd edib.
N.Paşinyan isə bildirib ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlıdır və danışıqlar prosesində səylərini davam etdirməyə hazırdır.
Ermənistan baş naziri və İtaliya prezidenti münaqişə tərəfləri arasında aktiv dialoqun və etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıblar.*