Avqustun 1-dən etibarən Bakı şəhərində ictimai nəqliyyatda və Bakı Metropolitenində sərnişindaşıma xidmətləri üzrə tariflərin 50%, həmçinin şəhərlərarası sərnişindaşıma xidmətləri üzrə tarifin artırılması inflyasiyaya minimum təsir göstərəcək. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov belə hesab edir.
“Hesab edirik ki, nəqliyyatda gediş haqqının artımı əldbəttə ki, inflasiyanın bir qədər artmasına səbəb olacaq, lakin ümumilikdə, il ərzində gözlənilən 6-8% səviyyədən kənara çıxmayacaq”, - E.Rüstəmov çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində ictimai nəqliyyatda gediş haqqlarına uzun zamandan etibarən təkrar baxılmayıb. “Bu dövr ərzində makroiqtisadi mühitdə mühüm hadisələr baş verdi. Bu səbəbdən Tarif Şurasının qərarını müvafiq biznes-strukturlarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması və onların maliyyə vəziyyətinin yaxşılaşdırılması kimi qiymətləndirmək lazımdır”, - E.Rüstəmov qeyd edib.
Xəbır verildiyi kimi, avqustun 1-dən etibarən Bakı şəhərində ictimai nəqliyyatda və Bakı Metropolitenində sərnişindaşıma xidmətləri üzrə tariflər 50% - 0,3 manatadək artırılıb.
Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təşkil edəcək. **
N.Abbasova